HEYDƏR ƏLİYEV və CƏNUBİ AZƏRBAYCAN

(Piruz Dilənçinin Xatirələr dəftəri və şəxsi arxivinin çox gizli və əhəmiyyətli səhifələrindən)

İlk dəfə Heydər Əliyevin adını çox gənc yaşlarımda, hələ Tehranda yaşadığım zaman eşitmişdim. Dəqiqliklə yadıma gəlməsəs də, güman edirəm 13-14 yaşlarındaydım.

Bəzi gecələr əmim audio kasetlər gətirərdi, atamla ikisi bir otaqda bağlı qapı arxasında gizli-gizli qulaq asardılar. Normal və sıradan bir uşaq olmadığım üçün, qapının dalında gizlənib çətin olsa da, dinləmək istəyirdim. Səs yaxşı anlaşılmırdı. Amma Azərbaycan Türkcəsində olduğubəlli idi. Bir dəfə də yadıma gəlir “Heydər Babaya salam” şeri Ustad Şəhriyarın öz səsi ilə idi…
Əmim savadlı və siyasi düşüncəli bir şəxs olduğundan, ailəmizin başqa mənsublarından fərqlənirdi. Həmin illərdə, bir gün atama deyirdi:
Dünyanın iki qütbündən biri olan Sovet ittifaqının başçılarından biri Həydər Əliyevdir. Biz iki səbəbdən Heydər Əliyevlə qürur duymalıyıq: O, həm Türkdür, həm də Müsəlman“! Bu, Heydər Əliyevin adını eşitdiyim ilk dəfə idi…

İstər Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dönəmdə, istərsə də, onun ölümündən sonra, bəziləri bilərəkdən və ya bilməyərəkdən, onu “Milli ruhu olmayan bir kommunist” kimi qələmə vermiş və vermək istəyirlər.
Əslində, Heydər Əliyevi yaxından tanıyanlar, onun ruhu və həqiqi düşüncələri ilə tanış olanlar və ya onu çox dərindən araşdıranlar, Heydər Əliyevin heç də belə bir şəxsiyyət olmadığını çox gözəl bilirlər.

Ramiz Tağıyev və Elçibəy

Heydər Əliyevlə cəmi 3-4 dəfədən artıq görüşmək şansım olmadı. İlk görüşümüz, Gorbaçovun hakimiyyətdə olduğu zaman, Naxçıvanda olmuşdu. Həm də şəxsən onun tələbi və Ramiz Tağıyevin vasitəsi ilə. Sonrakı görüşlərimiz isə Prezident olduğu müxtəlif illər və müxtəlif məkanlarda. (Ki, burada bunlarla ilgili danışmaq istəmirəm).
Həyat yoldaşımı İrana göndərmək istəyirdim. Azərbaycan vətəndaşlarına da İran vizası çox çətin verilirdi. Naxçıvan Muxtar Respublikası vətəndaşları İrana vizasız get-gəl edə bilirdilər.
Heydər Əliyev Naxçıvana səfərimin səbəbini soruşdu. Dedim Ramiz Tağıyev, Naxçıvanın Daxili İşlər Nazirindən xahiş edib ki, yoldaşıma müvəqqəti yerli bir sənəd versin ki, o sənədə əsasən İrana gedə bilsin. H.Əliyev dedi “İndicə Mamedə tapşıraram!”… Mamed Mamedov (Məmməd Məmmədov o zamanlar Naxçıvanın Daxili İşlər Naziri idi).
Kişi kimi, dediyini də etdi! Elə isti-isti zəng etdirib, Nazirlə danışdı…
Təbii ki, o dövrdə olduqca böyük bir nüfuzu və hörməti olan Ramiz Tağıyevin öz xahişi də bu işin həyata keçirilə bilməsinə yetərli idi. Amma ola bilər H.Əliyevin də zəngi işi tezləşdirdi. Yəni sabahısı gün nazirlə görüşdük və lazım olan sənədləri həll etdirib, yarım saat içərisində verdi…

Ramiz Tağıyev və Heydər Əliyev

Bunu, Azərbaycan Dövləti də, Azərbaycanın Təhlükəsizlik orqanları da çox yaxşı bilir ki, Cənubi Azərbaycan mövzusunun Şimali Azərbaycanda ən şahə qalxdığı dönəm, Namiq Abbasovun Milli Təhlükəsizlik Naziri və Heydər Əliyevin Prezidentliyi illərdə şəxsən mənim vasitəmlə həyata keçirilmişdi!

Bir insan, yəni Heydər Əliyev Cənubi Azərbycan mövzusuna necə yardım edə bilərdi? Hələ qonşularının altı-üstü, sağı-solu İran, Rusiya və Ermənistan kimi düşmənlərin olduğu bir zamanda?! Üstəlik, Namiq Abbasov da düşünə biləcəyinizdən qat-qat artıq bir millətçi idi.

Çoxları düşünə bilər ki, belədirsə onlar ne etdilər? Yəni Cənubi Azərbaycana nə etdilər?

Təəssüf ki, siyasi-diplomasi gizlilik və normalarına görə çox şeyi açıqlamaq olmur. Olsa da, hələ tezdir. Sadəcə bir-iki kiçik fakt vermək istəyirəm. O illərdə, yəni Heydər Əliyevin prezidentlik illərində siyasətlə, ya da ən azı mətbuatla ilgilənən hər bir Azərbaycan vətəndaşı şahiddir ki, istisnasız olaraq, hər gün hər hansı bir qəzet və ya TV kanalında Cənubi Azərbaycanla bağlı ən az bir xəbər, bir veriliş və ya nəsə yayımlanırdı. Bunların hamısı şəxsimin fəaliyyətlərim, Heydər Əliyevin yaşıl işığı və Namiq Abbasovun tapşırığı əsasında həyata keçirilirdi.

Heç unutmaram, bir gün Türkiyənin NTV kanalının Bakı ofisindən İrfan Sapmaz mənə zəng edib, sabah səhər saat 8-dəki canlı yayıma dəvət etdi. Səhər tezdən durub getdik.

Canlı yayım bitdikdən sonra, CAMAH-ın qərargahına yeni çatmışdıq ki, Namiq Abbasovun müavinlərindən biri (S) mənə zəng edib, nazirin zarafatını söylədi:

Namiq müəllim deyir bu nədir? Səhər tezdən televizyonu açdım, AzTV-də danışırdınız. Kanalı dəyişdim ANS-ə, orada da siz danışırdınız. Dedim çevirib bir Türk kanallarına baxaq.

Çevirdim NTV-yə orada da yenə siz danışırdınız! Bu nədir? Heç maqazin ulduzlarını bu qədər göstərmirlər?!..” (Təbii ki, zarafat üçün zəng etmişdi).

Baxdım ki, AzTV-də köhnə bir proqramın təkrarı və ANS-də dünən gecə xəbərlərindəki müsahibəmin təkrarı təsadüfən NTV-də olan canlı müsahibəmlə üst-üstə düşmüşdü.

Bu misalı səbəbsiz söyləmədim. Yuxarıda qeyd etdiyim “Gündəmi Cənubi Azərbaycan mövzusu ilə doldurduğumuz” sözümün sübutuna sadə bir fakt kimi göstərmək istədim…

 Azərbaycanın rəsmi Dövlət kanalı olan AzTV-də mənə həftədə bir saat ekran vermişdilər! Nə üçün? Məqsəd yalnız və yalnız Cənubi Azərbaycanla bağlı proqramların yayınlanması idi.

 Bu verilişlərimiz bir neçə il “Araz” və “Şəhriyar” adları altında AzTV-dən yayımlanmışdı.

Verilişlərlə bağlı olduqca maraqlı bir fakt və xatirə yadımdadır. Unuda bilməyəcəyim bir xatirə! Bizim proqram gecələr, axşam xəbərlərindən sonra yayınlanırdı.

Televiziya və radioda işləyənlər çox yaxşı bilirlər ki, kimliyindən və mövzusundan asılı olmayaraq, efirdə bir yayım varsa və o an prezident canlı yayımda çıxış etmək istəyirsə, həmin proqram dərhal durdurulur və prezidentin çıxışı yayımlanırdı. Bir gece bizim veriliş ekranda olarkən və bitməsinə 15 dəqiqə qalmışkən, Heydər Əliyev canlı çıxış etmək üçün AzTV studyasına gəlir. TV-nin fərman otağından “Cənab Prezident, hazırsınızsa, proqramı dayandıraq, çıxışınıza başlayın” -deye, soruşur Heydər Əliyevin verdiyi cavab, tam dəqiqliklə bu olub: “Yox! Niyə dayandırırsınız ki! Araz verilişidir. Cənubi Azərbaycanda 30 milyon adam baxır buna. 15 dəqiqə qalmayıb mı? Qoyun tam bitsin, sonra başlayarıq!”…

Açıq söyləyim ki, Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və şəxsən Piruz Dilənçi olaraq, hər zaman Heydər Əliyevin dolayı maddi və birbaşa mənəvi dəstəklərindən faydalanırdıq. Bunu necə olduğunu incəliklə bilənlər də var. Amma təəssüflə, dediyim kimi, bundan artıq açıqlama vermək, hər halda məqsədimizə uyğun olmaz.

Daha başqa bir məsələ. Həm də çox ciddi bir məsələ:

O illərdə Azərbaycanda yaşayan İranlı və ya Cənubi Azərbaycanlılar bunu bilirlər ki, bizim kimilərinə Azərbaycan Respublikası vətəndaşlığı verilmirdi. “Без Гражданства” adlanan bir status var idi. Yəni “Vətənsiz” və ya “Vətəndaşlığı olmayan“! Hamıya bu statusu daşıyan bir vəsiqə verirdilər. Belə bir qanunların mövcud olduğu zaman, üstəlik İran və Azərbaycan qəzetlərində tez-tez “Piruz Dilənçi İrana təhvil veriləcək” mövzusunda xəbərlərin nəşr olunduğu günlər idi! Yəni İran dövləti də oturub günləri sayırdı ki, bitdi, bugün-sabah  Piruz Dilənçini təhvil verəcəklər!!

Belə bir şəraitdə nə baş versə yaxşıdır?! İnanılmaz olsa da baş vermiş olay bu idi:

“Günorta təxminən saat 12. Bakının Dilarə Əliyeva küçəsindəki CAMAH Qərargahında rəhbərlik otağımda oturmuşdum. Katibəm otağa girdi:

– “Piruz bəy 3-4 nəfər gəlib, dövlət tərəfindən sizi görmək istədiklərini deyirlər.”

“Buyurub gəlsinlər” -dedim!

Yadımda deyil. Yalnış xatırlamıramsa, 50 – 55 yaşlar arasında olan 3 və ya 4 nəfər idilər. Adlarını da dedilər. Amma səmimiyyətlə deyim ki, tam unutmuşam. Biri Daxili İşlər Nazirliyinin vəsiqəsini göstərib, Polkovnik olduğunu söyləyərək, digərlərini də Prezidənt Aparatı və  Daxili İşlər Nazirliyi nümayəndələri kimi təqdim etdi.

Buyurun, çay gətirsinlər” -dedim.

Sağolun -deyib, hətta oturmadılar. Ayağüstə olaraq, 5-6 dəqiqə danışdılar. Sonra isə əllərində Azərbaycan Vətəndaşlığını təsdiqləyən bir sənədi mənə doğru uzadaraq  dedilər: “Sizi təbrik edirik! Cənab Prezidentin sərəncamı ilə sizə Azərbaycan Respublikası Vətəndaşlığını təqdim etmək üçün gəlmişik!!”…

Əvvəlcə çox təəccübləndim. Prezident aparatına zəng etdim. MTN-ə zəng edib, dostum olan Nazir müavinlərindən birindən soruşdum!

Bilirmisiniz nə dedilər?

Bu bir JEST! Heydər Əliyevin Cənubi Azərbaycanla əlaqədar, İrana qarşı olan Jesti“!

Mənim İrana təslim ediləcəyimi gözləyən rejim şok olmuşdu!

Baxın, budur Heydər Əliyevin dahi bir siyasətçi olduğunu göstərən! Onun doğru strateji hədəfə gedən o qədər belə taktikaları var idi ki…

Həmin illəri yaşayanlar, o zaman bir milyon Dolların nə olduğunu, yəni nə qədər böyük bir məbləğ olduğunu yaxşı bilirlər.

Bir gün CAMAH-dakı müavinlərimdən biri, “Bəy, təşkilatımız ağır maddi problemlər yaşamaqdadır. Prezident də sizi tanıyır, Namiq Abbasov da. Xahiş edirəm, bəlkə bir ağız açasınız” -dedi!

Çox israr etdikdən sonra, “Mən ağız aça bilmərəm. Həm doğru deyil, həm də ayıbdır” -dedim.

Nə isə, məndən icazə alıb, CAMAH-ın rəsmi möhrü və mənim imzamla bir ərizə yazıb, səhv etmirəmsə, faks vaitesi ilə prezidentə göndərdilər.

5-6 gün sonra, yaxından tanıdığım bir dövlət adamı mənə zəng edib, görüşə çağırdı. (Adını açıqlamaq istəmirəm).

Görüşdük. Məlum oldu ki, məktubumuza cavab olaraq Heydər Əliyev tərəfindən yaşıl işıq gəlmiş və bunlar da pulu verməyə yol axtarırlar. Yəni bir çox qanuni şərtlər və diplomatik normalara görə açıq-aşkar verə bilmədikləri üçün, dolayı bir yol!

Sonunda illik bir milyon dollar vermələri üçün bir dolayı yol da tapıldı! Həm də rəsmi sənədlərlə…

İncəliklərini təbii ki, açıqlamayacağam, amma bu işin bir ucu da Gömrük idarəsinə bağlı olduğu üçün, həmin rəsmi sənədə əsasən CAMAH Lideri olaraq mənim imzamla Kəmaləddin Heydərovun özəl faks nömrəsinə bir ərizə göndərdik. Rəsmi sənədi də ərizəmizə əlavə etdik.

Cavab? Yenə də şok bir cavab!

3-4 saat keçmədən bizə zəng edib, Kəmaləddin müəllimin danışmaq istədiyini söylədilər. Danışdıq. Kəmaləddin müəllimin telefonda söylədikləri indiki kimi yadımda:

Piruz bəy, siz Azərbaycanın sevimli şairi, cənab prezidentin dəstəklədiyi bir şəxsiyyət və Cənubi Azərbaycandakı bacı-qardaşlarımızın azadlığı yolunda canını qoymuş bir insansınız! Siz Ustad Şəhriyarın yadigarısınız. Ayıb deyilmi? Bu nədir? Nə ərizəsi? Ərizəsiz də bizə xəbər versəydiniz, əlimizdən gələni edərdik…”

Lütfən cümlənin “Cənubi Azərbaycandakı bacı-qardaşlarımızın azadlığı yolunda” hissəsinə diqqət edin! Bu nə anlamına gəlir? Anlamı bu ki, Kəmaləddin Heydərovun da içində ikiyə parçalanmış Azərbaycan adlı bir dərdi var idi.

Açığı, mən Kəmaləddin Heydərovun atası Fəttah müəllimi Naxçıvandan tanıyırdım. Hətta yadımdadır ki, 90-cı illərin əvvəllərində Naxçıvanın “Təbriz” hotelində qalırdım. Fəttah müəllim isə Naxçıvanda böyük hörmət və nüfuza malik olan bir ağsaqqal idi. Bir səhər şəxsən özü hotelə gəlib, hoteldə qalan müğənni Niyaməddin Musayevlə məni günorta yeməyinə aparmışdı.

Bir neçə saat bərabər olmuşduq. İnanılmaz dərəcədə vətənini və millətini sevən bir ziyalı idi…

Təbii ki, Kəmaləddin Heydərovun da mənə və Cənubi Azərbaycana qarşı belə bir düşüncəyə malik olduğu, əslində çox da təəccüblü olmamalı idi. Nədən? Elə bir zialının övladı belə bir şəx olmasaydı təəccüblü ola bilərdi. Tam ədəbiyyat, musiqi və mədəniyyət sevən bir ata və övlad…

Bilginiz üçün qeyd edim ki, biz bu “illik bir milyon dollarlıq” dəyəri olan rəsmi sənəddən sadəcə bir neçə ay istifadə etdik.

Heydər Əliyevin Cənubi Azərbaycana olan marağı, onun gənclik yaşlarından başlamışdır. Təbiidir ki, bu ilk öncə onun iş gərəkçəsi ilə də irəli gələn bir həqiqətdən doğmuş ola bilər. Heydər Əliyevin KQB kəşfiyatçılığı ilə işə başlaması gizlin bir sirr deyil.

Hələ 21 yaşı olarkən SSRİ-nin Cənubi Azərbaycana göndərdiyi əks-kəşfiyyatçı məmuru olduğu faktları da daha öncədən açıqlanmışdı.

Heydər Əliyevin 1944-1945-ci illərdə Cənubi Azərbaycanda müstəqil dövlətimizin qurulması üçün bir zabit kimi gördüyü çox işlər olmuşdur ki, bunların hamısı tam incəlikəri ilə Mili Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılmaqdaydı. Mən şəxsən onları görmüş və qeyri rəsmi olaraq, 1994-cü ildə qanunsuz yollarla dosyanı iki aydan artıq Bakıdakı evimdə saxlamışam.

Bu dosyanın mənim evimdə olduğu ilə ilgili Amerika Dövlət Departamentinin, CİA-nin və ABŞ-ın Bakıdakı Səfirinin də (içimizdəki xainlərin aracılığı ilə) xəbərləri olmuşdu. Dosya Amerika dövləti üçün elə bir əhəmiyyət daşıyırdı ki, səfirlik vasitəsi ilə mənimlə əlaqəyə keçib, rəsmi görüşə dəvət etmişdilər.

ABŞ-ın Bakıdakı səfirliyində keçirilən bu qapalı görüşdə daha öncədən də dəfələrlə görüşdüyüm Səfir (S.E)-dan başqa, Amerika Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi (J.P), CİA görəvlisi olan xanım (Ş.H) və rəsmi tərcüməçi (A) iştirak edirdi. Hətta yadımdaır ki, Dövlət Departamentinin Bakıda səfərdə olan rəsmisi J.P dedi Azərbaycana olan bu səfərim iki görüş üçün planlaşdırılmışdır. Bir mənimlə, bir də (yadımda deyil) görüşdüyümüz gündən bir gün öncə və ya bir sonra Xarici İşlər Naziri Vilayət Quliyevlə.

Əllərindən gələn nə vardısa, etməyə hazır idilər ki, səssizcəsinə o dosyanı onlara verim! Bəlli ki, onlar üçün də çox əhəmiyyət daşıyırdı.

Uzun söhbətlərdən sonra, “Hər halda, bu mənim dövlətim olan Azərbaycan Respublikasının gizli və çox önəmli sənədlərindən hesab olunur. Sizin necə umacağınız ola bilər ki, mən öz dövlətimin belə əhəmiyyətli sənədlərini sizə verim?” -deyib, mövzunun qapanmasını xahiş etdim. Yəni vermədim və verməyəcəyimi də açıq-aşkar söylədim…

Doğrusu, dosyanın mənim evimdə olduğundan nə dövlətin, nə də MTN-nin xəbəri yox idi. Mənim əlimə necə keçdiyi də başqa bir mövzu olaraq yazıla bilər.

Əslində o illər CAMAH-ın ən aktiv olduğu illər idi. Mən də belə aktiv bir təşkilatın başında olan rəhbər şəxs olduğum üçün, çox səmimi deyim hətta yatmağa hər gün 4-5 saat da vaxt eləmirdim..

Bunun üçün, dosyanı edvə saxlamışdım ki, ara-sıra vaxtım olduqca içindəkiləri araşdırım. Günlərlə və saatlarla da, baxıb, oxumuşdum. İçində dəhşət gətirici məlumatlar, adlar və sənədlər var idi .

Üstəlik, tam dosya ya Rus dilində idi, ya da Azərbaycanca Kiril əlifbasında. Hələ ara-sıra Azərbaycanca Ərəb əlifbasında və Fars dilində olan şeylər də var idi. Rusca olanlarını təbii ki, anlamırdım. Kiril hərfləri ilə olan əlyazmaları isə çətinliklə oxuyurdum…

Bu iş çox zaman tələb edirdi. Öz-özümə düşünmüşdüm ki, tam dosyanı incələdikdən sonra, hamısını MTN-ə təhvil verərəm. Bundan başqa bir önəmli dosya da məndə var idi: SSRİ dönəmində Əbülfəz Elçibəyin tam dosyası. (Bu da başqa bir yazının mövzusu ola bilər).

Bir gün MTN-in ali rütbəli vəzifəlilərindən olan çox yaxın dostum (S) ilə görüşərkən, məndə belə bir dosyanın olduğunu demiş, amma hələlik heç yerdə bəlli etmə, işim bitdikdən sonra nazirliyə təhvil verəcəyimi söyləmişdim! O da, hər halda, yəqin ki, belə bir şeyin mümkünsüz olduğunu, MTN-in arxivindən dosyanın qırağa çıxa bilməyəcəyini düşündüyü üçün mənalı bir təbəssümlə söhbətin üstündən keçmişdi! Yəni anlaşılan qeyri-ciddi yanaşmışdı…

Bu olaydan bir neçə gün sonra həmin şəxs mənə zəng etdi: “Hardasan? Ne edirsən? MTN-in çox gizli statuslu dosyası sənin evindədir, sən də bunu dövlətdən gizlətmisən! Bu çox böyük bir ittihamdır, cinayətdi! Sənin buna səlahiyyətin yoxdur! Bu dəqiqə Nazirin başçılığı ilə olan iclasımız bitdi. Cənab nazir çox əsəbləşib. Deyir belə bir şey Piruzdadırsa, o nədən bizdən gizlədib?! Hardasansa, yerini de, oradan tərpənmə, əməkdaşlarımız gəlir!!

Dedim: “Dur! Nə gəlməsi? Nəyə görə?

Dedi: “Göndəririk ki, səninlə bərabər gedib dosya haradadırsa, oradan götürüb məmurlarımıza təhvil verəsən“!

M.Biriyanın 8 səhifəlik əlyazmasının ilk və son səhifəsi

Dosyanı ən azı bir gün gecikdirib, tam kopyasını çıxartdırıb, sonra verəcəyimi düşündüm. Dedim tamam, sabah gətirib verərərm.

Verdiyim cavabdan az qala dəli olan dostumuz dedi: “Siz nə danışırsınız? Az qalırdı ki, rəsmi həbs edilmən üçün qərar versinlər. Şəxsən mənimlə Namiq müəlimin səni yaxşı tanıyıb-inandığımız üçün buna razı olmadıq. Bir saat da gecikdirsən, məcbur gəlib səni tapıb, həbs etməli olacağıq!”

Nə isə, çox çalışdım, amma olmadı! MTN-in binasından Günəşlidəki evimə gəlmələri ən azı yarım saat zaman aparacaq, düşündüm. Dərhal sürücüm olan əqidə yoldaşım İbada zəng etdim. Dedim İbad, ofisimizdəki Faks aparatını qoy maşına, gözünü yum, ayağını bas gaza! Nə olur olsun, yarım saatdan öncə bizim evdə ol!

İbad MTN məmurları ilə eyni zamanda evə çatdı! Məmurlar sayğı və hörmətlə küçədə gözləyirdilər. Daha öncədən tanıdığım millətçi bir məmur (F) bu qrupa başçılıq edirdi. Evə dəvət etdim.

(F) evə gəldi. İbad da eyni zamanda evə çatmışdı. (F)-dan çox xahiş etdim ki, göz yumsun, biz kopyaları çıxardaq! (F) dəli olmuşdu! “Bəy, siz nə danışırsınız? Belə şey mümkün deyil!” deyirdi.

Dedim mümkündür qardaşım, mümkündür! Çox minnət və zillətlə, mənim üçün önəmli olan M.Biriyanın 8 səhifəlik bir əlyazmasının surətini çıxarda bildik. Beləliklə dosya əlimdən çıxdı…

M.Biriyanın 8 səhifəlik əlyazmasının ilk və son səhifəsi

O dosyada da H.Əliyevin İran və Cənubi Azərbaycanda etdiyi işlər barədə bir çox məlumat var idi. iranın Bakıdakı səfirliyində Azərbaycana işləyən adlar, səfirlikdəki danışıqların necə dinlənilməsi və bir çox danışıqların yazılmış varyantı və …

Bunlardan başqa, Heydər Əliyevin SSRİ dövründə dövlət orqanlarında işlədiği zaman, Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatının genişlənməsi istiqamətində, Cənubdakı milli qüvvələrimizlə işbirliyi içində olduğu faktlar da mövcuddur.

Başqa bir fakt: Bildiyiniz kimi, Azərbaycan Dövlət Radiosunun nəzdində, hələ SSRİ dövründən fəaliyyət göstərən və Cənubi Azərbaycan üçün yayımlanan bir radio kanalı və özəl redaksiyası var: Cənubi Azərbaycan Redaksiyası.

Sadəcə məlumatınız üçün söyləyim ki, bu radionun yaradılması və özəlliklə adının “Cənubi Azərbaycan Redaksiyası” olması da şəxsən Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir.

Fakt vermek istəsək, o qədər şeylər var ki. Mən Azərbaycan Respublikasına xələl gətirə biləcək hər hansı rəsmi və ya diplomatik bir fakt vermək istəmirəm. Belə rəsmi və ciddi faktlar, əmin olun ki, haçansa dövlət tərəfindən açıqlanacaq. Amma hər şeyin bir zamanı var.

Bir çoxlarının da bildiyi kimi, böyük şəxsiyyət, Xalq Şairi Nəriman Həsənzadə ilə mən ata-övlad münasibətində olmuşuq və həqiqətən də Nəriman müəllimin mənim haqqımda mənəvi atalıq haqqı var. Yəni həqiqi bir ata ilə övladın arasında olan səmimiyyət qədərdir.

Heç unutmaram ki, uzun illər bundan öncə, Nəriman müəllimlə oturmuş, Heydər Əliyev haqqında danışırdıq. Nəriman müəllim bununla əlaqədar çox maraqlı bir xatirəsini danışırdı:

“SSRİ dövründə Ədəbiyyat və İncəsənət qəzeində Professor Həmid Araslıdan bir yazı nəşr etmişdik. Yazının başlığında “Cənubi Azərbaycan” termini keçirdi. Qəzet çıxan günün sabahısı dövlət telefonuma zəng gəldi. Dəstəyi qaldırdım. Xəttin o başında Heydər Əliyev idi.

Buyurun Geydar Aliyeviç, dedim! Heydər Əliyev dedi: “Dünən qəzetinizdə Cənubi Azərbaycanla bağlı bir yazı çıxıb, onun üçün zəng edirəm“…

Çox qorxdum! Yəqin “Cənubi Azərbaycan” sözü haradan çıxdı deyəcək, sandım. Qorxumdan onu qabaqlayıb, dedim: “Geydar Aliyeviç, dünən mən xəstəydim, işə gəlməmişdim. Məndən xəbərsiz mətbəəyə göndəriblər qəzetin bu nömrəsini!“…

H.Əliyev sözümü kəsib, dedi “Həəə, çox yaxşı bir termin işlətmişsiniz. Bunun üçün zəng etmişdim deyim ki, belə yazıların dərcini davam etdirin və bundan sonra (İran Azərbaycanı) sözünü də bir dəfəlik yığışdırın! Yerinə (Cənubi Azərbaycan) terminindən istifadə edin! Həmid müəllimə də mənim tərəfimdən sağol deyin!!”.

İstənilən qədər belə misallar var. Bir yerdə H.Əliyev deyir: “Mən İran deyəndə, Cənubi Azərbaycanı nəzərdə tuturam.” Və ya ən yaxın zamanlarda Türkiyə ilə bağılı söylədiyi məşhur “Biz bir millət, iki dövlətik” sözü.

Gənc Heydər Əliyev İranda

Prezident olduğu illərdə rəsmi bir İran səfərində, Təbrizə getməsinə icazə verməmişdilər. İndiki kimi yadımda, televiziyada çıxış edərkən, çox qaş-qabaqlı bir ifadə ilə dedi: “İrana gedib, Təbrizə getməyənlər, İranı gördüm deyə bilməzlər“!!

Bunun anlamı nədir? Yəni İran kimi tanıdığımız yer, bizim üçün Təbrizdir, Cənubi Azərbaycandır.

Azərbaycan Milli Məclisinin deputatı Elmira AxundovaHeydər Əliyev: Şəxsiyyət və zaman” kitabında yazır:

” …İranın Ali dini rəhbəri Xamneyi, Heydər Əliyevi mərasim zalının girişində

qarşılayıb, ikiəlli görüşdü. Aralarında Azərbaycan dilində söhbət başlandı. Həm İran nümayəndə heyyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.

Hal-əhval tutandan sonra Heydər Əliyev Xamneyidən soruşdu:

Yaxşı, Xamnədə nə var, nə yox?

Sən Xamnəni də bilirsən? – deyə İranın ali dini rəhbəri təəccübləndi.

Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir… “

Bundan gözəl fakt nə ola bilər ki? “Sadə” bir dil ilə Ayətullah Xamneyiyə və dolayısı ilə iran dövlətinə başa salır ki, Biz Cənubi Azərbaycanı da, oranın torpaqlarını da, orada olan soydaşlarımızı da çox yaxşı tanıyırıq və hər şeydən xəbərimiz var.

Heydər Əliyevin 31 Dekabr münasibəti ilə olan bütün rəsmi təbriklərinə diqqət etsəniz, nə demək istədiyimi açıq-aşkar görə bilərsiniz! Bütün mesajlarında 7 milyon Azərbaycanlı deyil, 30 milyon Azərbaycanlı deyir! Bundan açıq nə deyə bilərdi ki…

1927-1979 illərdə yaşamış böyük Cənubi Azərbaycan şairi Bulud Qaraçörlü (Səhənd) 1974-cü ildə Heydər Əliyevə “Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” başlıqlı bir şer yazmışdı.

SSRİ dövründə Heydər Əliyevin Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatında hər hansı bir rolu və ya yardımı olmasaydı, Səhənd kimi böyük bir şair belə bir iş görməzdi. Bu bir tərəfə qlasın. Mən bu faktı göstərməklə başqa bir söz demək istəyirm. Daha öncə də haqqında danışdığımız Azərbaycan Dövlət Televiziyasında təqdim etdiyimiz “Araz” və “Şəhriyar” adlı

 Cənubi Azərbaycan mövzulu verilişlərimiz var idi. Verilişlərimiz Azərbaycan Dövlət Televiziyası Ədəbi-Dram Verilişləri Baş Redaksiyasının Baş redaktoru Mərhum Mailə Muradxanlı və redaktoru Mərhum İslam Bəhlul oğlunun zəhmətləri nəticəsində hazırlanırdı. Bir gün studiyada çəkilişdəydik. İslam Bəhlul oğlu dedi Mailə xanım çəkilişdən sonra beş dəqiqə onunla görüşmənizi xahiş edib.

O zamanlar “Azərbaycan Demokrat Firqəsi“nin (daha dəqiq desək, İran Tudə Partiyasının) Bakıda rəsmi ofisi var idi və SSRİ dövründən dövlət tərəfindən maliyyələşdirilirdi. Xalq Şairimiz Söhrab Tahir başda olmaqla, bir-iki nəfəri çıxmaq şərti ilə, o biriləri məni heç sevməzdilər və AzTV-dəki məlum verilişimizin bağlanması tələbi ilə dəfələrlə dövlətin müxtəlif orqanlarına rəsmi müraciətlər etmişdilər. Hətta bir dəfə də montajı bitib, hazır durumda olan bir verilişimizin kasetini efirə buraxılmadan tam iki saat öncə oğurlatdırmışdılar…

Mən, Mailə xanımın bu xahişini eşidən kimi, yenə bir şikayət vardır, düşündüm! Qalxıb üst qatda Mailə xanımla görüşüb, bir çayını içdim. Mailə xanım bir səhifəlik bir şeri qabağıma qoyub, dedi “Bu, Səhəndin Cənab Prezidentimizə yazdığı şerdir. Heydər Əliyev şəxsən sizin bu şeri Cənub programında oxumanızı xahiş edib“!

Şeri alıb, verdim İslam Bəhlul oğluna. Dedim İslam müəllim bunu verin bir diktor, aktyor, nə bilim, kimsə oxusun! Mən oxuya bilmərəm. Oxumaram da! İnsanlar eşidib, yaltaqlandığımı sanarlar!

Yaltaqlıqdırsa əgər, başqasının şerini niyə? Özüm yazıb, öz şerimi də oxuyaram…

Nə isə, anlatmaq istədiyim bu ki, diqqət etsəniz, Cənubi Azərbaycan mövzusu hər zaman Heydər Əliyevin düşünüb nəsə etmək istədiyi bir mövzu idi.

O illərdə, mən bir nazirin oynatdığı qədər, Azərbaycanda “at oynatmaq” gücünə malik idim. Bu gücü də mənə Heydər Əliyev və Namiq Abbasov vermişdi. Təbii ki, mənim ala və ya qara gözlərimə aşiq olduqları üçün deyil, Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının başda gedən şəxsiyyəti olduğum üçün!

Bəziləri Heydər Əliyevin belə bir şəxsiyyət olduğundan xəbərsizdirlər. Milli öndərimiz Əbülfəz Elçibəylə onu müqayisə edərkən, Heydər Əliyevin Cənub mövzusuna uzaq olan bir şəxs olduğunu düşünürlər. Əslində heç də belə deyil idi.

Fərq sadəcə Heydər Əliyevin güclü, inanılmaz və möhtəşəm bir siyasətçi olduğu, Elçibəyin isə saf-sadə, duyğusal və siyasi hilələrdən uzaq bir şəxsiyyət olduğundaydı.

Əminəm Cənub mövzusnda hər ikisi az-çox də eyni düşünürdülər. Biri siyasi manevralarla, biri isə ürəyi qədər təmiz olan duyğuları ilə.

Heç unutmaram. H.Əliyevin prezident olduğu illər idi. Hər həftə ən azı 5-6 müsahibə və yazım müxtəlif qəzet və radio-televiziya kanallarında yayımlanırdı. Bir gün məndən müsahibə almaq məqsədi ilə bir juranalist CAMAH-ın qərargahına gəlmişdi. Verdiyi sualların biri bu idi:

Heydər Əliyevlə Elçibəyin müqayisəsində nə deyə bilərsiniz?

Gülümsəyib, dedim: “Bunlar müqayisə edilməz ki. Biri dünya səviyyəli siyasətçidir, biri isə vətənini və millətini sevən, sadə və təmiz ruhlu bir insan! Belə xarakterə malik olan insanlar prezident ola bilməzlər ki. Olsalar da, təsadüf nəticəsində gəlib, gəldikəri kimi də gedərlər!”

Jurnalist, cavabımın ardınca, daha açıq və net cavab vərməmi istədi!

Dedim anladığım qədəri ilə siz müqayisə dedikdə, fərqlərini bilmək istəyirsiniz bəlkə! Fərqləri Atatürklə Atatürkün əskəri qədər dir! Eşitdiyi cavabdan şok olan jurnalist “Bəy, səsinizi yazıram. Bunları müsahibə olaraq qəzetimizdə dərc edəcəyik. Siz bu son söylədiyiniz cümlənin nəşr olunamsına etirazınızın olmayacağından əminsinizmi?” -dedi.

Əlbəttə, Milli öndərimiz gedib böyük Mustafa Kamal Atatürkün məzarı üstündə, Anıt Qəbirin xatirə dəftərində yazır “Mən sizin əskərinizəm”, Heydər Əliyev isə yeni doğulmuş 3 günlük körpə qədər zəif olan bir dövlətin başında oturub, qorxmadan-çəkinmədən deyir mən özüm Atatürkəm! Bu qədər net! Əslində fərqləri də bu qədər idi. Yəni tam da bir Atatürk və Atatürkün şərəfli əskəri qədər!”  -dedim.

Baxın, mən havadan-sudan danışmıram. Faktla olan həqiqətlərdən danışıram.

Mənim bu cümləm qəzetdə nəşr olunan o dövrdə, bir çoxları bilər-bilməz, qarşımda mövqey tutdular…

Rəhmətlik Elçibəy başda olmaqla, bütün müxalifət liderləri ilə problemsiz bir dostluq münasibətindəydik. O müsahibədən sonra belə də davam etdi. Hətta Elçibəyi qızışdırıb əlieyhimə söz söylətmək istəyən bəzi yerli jurnalistlər və anasından küsüb, ustasını soyub İrandan qaçmış bir iki Cənublular da olmuşdu! Elçibəy isə “Piruz bəy yalnış bir iş görməz” -demişdi.

Bu müsahibədən bir-iki həftə sonra, bizi sevən Şimali Azərbaycanlı milliyyətçi gənclər ara-sıra gəlib yanıma “Lütfən hamımız birlikdə gedib Elçibəylə görüşək” -deyirdilər.

Sonunda, CAMAH-dakı müavinlərimin də maraqlı olduqlarını bilib, tamam, planlaşdırın gedib görüşək bəyimizlə, çoxdandır görüşməmişik -dedim.

Belə də oldu. 3-4 gənc milliyətçi (birinin adı yadımdadır) və CAMAH-da olan iki müavinimlə bərabər gedib bəyin ofisində onunla görüşdük. Bəy bu movzu ilə ilgili söz açmadı. Doğrusu, mən də söz açmayacağından əmin idim. Bir az söhbətdən sonra, (sonralar xain bir şəxs olduğu üzə çıxan) müavinlərimdən biri, daha doğrusu CAMAH-ın Mətbuat Katibi (C.İ), öz geri zəkasına uyğun

olaraq həddini aşıb, bəyə bir sual verdi. Hədsizlik edən bu varliğın sözü Əbülfəz bəyi elə əsəbləşdirdi ki, bir anda bəy yerindən qalxıb, onun başına qışqırdı:

– “Sən özünü nə sanırsan, sən kimsən ki, gəlib oturub qabağımda mənimlə belə danışmaq istəyirsən“…

İlk dəfə idi bəyi belə əsəbi halda görürdüm. Həmin an, onun yüksək səsinə qapının arxasında gözləyən mühafizəçisi qapını açıb, sürətlə otağa daxil oldu. Qolumu uzadıb, əlimi tam açaraq, yerə doğru işarətlə, bir şey yoxdur, nigaran olmayın, siz çıxa bilərsiniz dedim. Mühafizəçi, bəyin də üzündə olan baxışdan mənimlə eyni fikirdə olduğunu anlayıb, otaqdan çıxdı…

Tərbiyəsizlik edən şəxsdən, bəydən üzr istəməsini və otağı tərk etməsini istədim. Belə də oldu…

Baxın, bu şəraiti Elçibəy özü yaratmışdı. Nazirlər Heydər Əliyevin qarşısında duranda, dizləri əsirdi. Söz söyləyəndə dodaqları titrəyirdi. Bu, Heydər Əliyevin bir diktator olduğunu göstərmir.

Bu, Heydər Əliyevin kəsərli və güclü bir dövlət başçısı olduğunu göstərirdi.

O dönəmdə, Azərbaycanın qarşısında İran və Rusiya kimi nəhəng düşmənlər var idi. Sadə bir misal göstərim: Xəzərin neft statusu mövzusu. Siz elə bilməyin ki, İran öz başına gəlib o anlaşmalara və o statusa imza atdı. Bunların hamısı Heydər Əliyevin möhtəşəm və inanılmaz oyunları nəticəsində baş verdi. Yəni Heydər Əliyev İrana elə bir oyun oynadı ki, İran özü də fərqində olmadan, bir baxdı ki, 20-sinin üstünə 21 açılıb!! Nə demək istədiyimi o illər ərzində MTN-ə rəhbərlik edən şəxslər və Heydər Əliyevin ətrafındakılar yaxşı bilirlər. Məsləhətdirsə, onlar açıqlayarlar…

Rüzgar timi

Bu sözləri deməklə və bu faktları açıqlamaqla, kimsələr diriliyində yaltaqlanmadığım bir şəxsin cənazəsinə yaltaqlandığımı sanmasınlar. Əslində şəxsi qərəzçilik mövqeyindən danışmaq istəsəm, Heydər Əliyevin əleyhinə danışmalı olaram. Nədən? Hakimiyyətinin sonlarında bir çoxları kimi məni də gülünc və mövcud olmayan bir suçla tutuqladılar, təcridxanada tualet yuduzdurdular, Şüvələnə göndərdilər, həbs etdilər…

Mənim həbsimdən nə MTN-nin xəbəri var idi, nə də ilgili organların! Təcridxanadan dışarı ilə, hətta ailə üzvlərimlə əlaqəmi kəsmişdilər.

Bir gün gizlicə mənə sevgi və sayğı göstərən Müsavatçı bir təcridxana nəzarətçisi “Yeni Müsavat” qəzeti gətirmişdi içəri. Qəzetdə şəklimin altında yazılmışdı:

Piruz Dilənçinin yoxa çıxması ilə bağlı, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov belə bir şəxsin Azərbaycan Respublikasında həbs olunmadığını bəyan etdi“!!

İndi siz bir oxucu olaraq özünüz qəzavət edin. Mənim başıma bu oyunları açan iqtidarın başında duran şəxsə mən necə yaltaqlana bilərəm? Hələ diriliyində deyil, ölülüyündə!!!

Demək ki, burada bu faktları açıqlamaqdan hər hansı bir şəxsi mənafeyim və qərəzli mövqeyimin olmadığı bəllidir. Sadəcə həqiqətlərin açıqlanmasını istəyirəm.

Bu arada, Əbülfəz Elçibəyə qarşı da zərrə qədər haqsızlıq etmək fikrində deyil və ola da bilmərəm.

Mənim gözümdə Əbülfəz Elçibəy Türk Dünyasının görüb-görməyəcəyi şərəfli, namuslu və təmiz bir lideri idi. Sadəcə bu global mürəkkəblik dönəmdə, onun prezidəntlik edə bilməyəcəyi qədər çirkin oyunlar mövcud idi. İstər dost, istərsə də düşmən qüvvələr və dövlətlər tərəfindən.

Bunu mərhum Elçibəy özü də çox gözəl anlamışdı və məhz bu səbəbdən də Prezidentlik məqamını tərk edib Kələkiyə getmişdi.

Elçibəyi “ümidləri boşa çıxan bir şəxsin” durumuna salmışdılar. Xüsusi ilə də rəhmətliyin qibləgahı olan Ankara!

Azərbaycan dövlətinin maddi, mənəvi, siyasi, hərbi və ekonomi baxımından tam yıxılmaq təhlükəsi qarşısında olduğu bir zaman idi. Elçibəyin də gənclik yaşlarından xəyalında qurduğu Məkkə və Mədinəsi olan Ankaradan başqa bir yerə nə ümidi, nə də umacağı var idi.

Türkiyədən olduqca az miqdarda olan borc istədi. Aldadıb, süründürdülər, sonunda da vermədilər!

Türkiyədən hərbi yardım istədi. Etmədilər. Üstünə də qalxıb Turgut Özal, alçaqca bir çıxış edərək dedi: “O bölgədəki Azərilər Ələvidir. İran onlara yardım etsin“!..

Bir qardaşdan, bir candaşdan, bir soydaşdan belə münasibət görən Elçibəyin nə duruma düşə biləcəyini yalnız onun qədər Türkçü olub, onun qədər təmiz olanlar anlaya bilərlər.

Bunlar, sadəcə üzdə olan açıqlamalar idi. Hələ pərdə arxasında nələr olduğunu bir Allah bilir.

Bir neçə yüz nəfərlik “Rüzgar” timindən başqa, Türkiyədən Azərbaycana bir yardım gəlmədi. Onu da təşikl edənlər Ülkü Ocaklarında olan Türkiyə Azərbaycanlıları olmuşdu.

Elçibəy kimi Türk Dünyası Liderini elə bir vəziyyətə salmışdılar ki, artıq N.Ərbəkan kimi bir Hoca da onu uşaq kimi qarşısına alıb, nəsihət etmək cürətində bulunmuşdu!!!

General Vəli Küçük Paşa

Bundan sonra artıq Elçibəy ən çox inandığı Türkiyəlilərə də inancını itirmişdi.

Bəyə qarşı təhqir edici hərəkətlərdən birini də, xəstəliyi günlərində Türkiyədə MHP Genəl Başqanı Devlət Bahçeli tərəfindən olmuşdur. Bunun bugün İstanbulda yaşayan və uzun illər Əbülfəz bəylə yaxın dostluq münasibətində olmuş bir Vəkil (R) tam dəqiqlik və incəlikləri ilə bilir, şahidi olmuş və əlində rəsmi faktlar var.

2004-cü il ildə, İstanbulda Milliyətçi General Vəli Küçük Paşa ilə uzun bir söhbətimiz olmuşdu. O deyirdi:

Elçibəyə Bakını tərk etmə dedik, baxmadı. Kələkidə olanda da, səni Bakıya qaytaraq, prezidentliyini davam et dedik, yenə qəbul etmədi və …”!

Veli Küçük ve Piruz Dilençi, İstanbul

General Veli Küçük ve Piruz Dilençi, İstanbul

Burada uzun illərdir açıqlamaq istəmədiyim elə önəmli bir faktı sizə açıqlayıb, sonra səbəbini izah edəcəyəm.

Bu faktın bugünə qədər heç bir yerdə açqlanmadığından əminəm. Buna görə də diqqətlə oxumağınızı xahiş edirəm:

Əbülfəz Elçibəy Kələkidədir. Türkiyənin müxtlif rəsmi və qeyri rəsmi dairələrindən müxtəlif şəsxlər gəlib, orada bəylə görüşürlər. Bəziləri açıq-aşkar, bəziləri də qapalı və gizlin.

Bir gün Mehmet Özbay adlı bir Türkiyə vətəndaşı Naxçıvana gəlir. Orada (T) soyadlı Azərbaycan vətəndaşı ilə görüşür. (T) Alparslan Türkeşin uzaqdan tanıyıb, inandığı Azərbaycanlılardan biri idi. (Hal hazırda Bakıda yaşayır). Bunun üçün də Mehmet Özbay (Y) adlı Türkiyə Azərbaycanlısı olan bir MHP-li başqanı özü ilə bərabər gətirir.

(Y) Əbülfəz bəyin də tanıdığı bir şəxs idi. (T) isə zamanında Əbülfəz bəyin ən çox inandığı şəxslərdən biri olmuşdu.

Mehmet Özbay və (Y), (T)-dan onları Kələkiyə aparmağı rica edirlər. (T) onları Kələkiyə aparır. Əbülfəz bəylə görüşdükdən sonra, Mehmet Özbay çox gizli bir mövzunu danışacaqlarını bildirərək, (T)-dən onları yalnız buraxmasını və çoldə gözləməsini xahiş edir!..

Daha sonralar, (T) deyir o gün nə danışdıqlarını duymadım. Özləri də bir bilgi vermədilər.

Beləliklə də, o gün bağlı qapı arxasında Əbülfəz bəylə Mehmet Özbayın nə danışdıqlarından, özlərindən başqa kimsənin məlumatı olmur. (T) qonaqları gətirib Naxçıvandan Türkiyəyə yola salır.

Bir müddət sonra, Mehmet Özbay təkrar Naxçıvana gəlir, (T) ilə bərabər Kələkiyə, Elçibəyin yanına gedirlər.

Mehmet Özbay və (Y), (T)-dan onları Kələkiyə aparmağı rica edirlər. (T) onları Kələkiyə aparır. Əbülfəz bəylə görüşdükdən sonra, Mehmet Özbay çox gizli bir mövzunu danışacaqlarını bildirərək, (T)-dən onları yalnız buraxmasını və çoldə gözləməsini xahiş edir!..

ABDULLAH ÇATLI

Bir müddət sonra, Mehmet Özbay təkrar Naxçıvana gəlir, (T) ilə bərabər Kələkiyə, Elçibəyin yanına gedirlər.

Nə yaxşı ki, Əbülfəz bəylə olan ilk görüşümüzdə səni otağa buraxmamışdım. O gün sən otağa girib, danışdığımız məxfi sözləri eşitsəydin, satqının sən olduğunu düşünüb, başına bir güllə sıxardım!!”…

(T) çox təəccüblənərək, Mehmet Özbayın üzünə baxır. Hələ hansı bir reaksiyanı verəcəyini düşünür. Çünkü (T) özü də Mehmet Özbaydan geriyə qalan birisi deyil idi. Həm yaş gəncliyi, həm qol gücü, həm də “başına güllə sıxmaq” baxımından! Yəni (T) iradə etsəydi, Mehmet Özbayı Naxçıvana çatmadan öncə aradan götürə bilərdi…

Mehmet Özbay bu dəfə çox əsəbi və gərgin görünürdü. Əbülfəz bəylə görüşdü. Bu görüş, əvvəlki qədər uzun sürmədi.

(T) çox təəccüblənərək, Mehmet Özbayın üzünə baxır. Hələ hansı bir reaksiyanı verəcəyini düşünür. Çünkü (T) özü də Mehmet Özbaydan geriyə qalan birisi deyil idi. Həm yaş gəncliyi, həm qol gücü, həm də “başına güllə sıxmaq” baxımından! Yəni (T) iradə etsəydi, Mehmet Özbayı Naxçıvana çatmadan öncə aradan götürə bilərdi…

Çox gərgin bir sifətlə hələ Mehmet Özbaya baxır və düşünür…

Mehmet Özbay dodaqlarının altında bir sözlər deyir, daha doğrusu, sözlər deyil, Türkiyədə çox “mod”da olan bir iki pis söz və soyüşlər…

(T) həm mövzudan xəbərsiz olduğu, həm də Mehmet Özbayın son durumu və etdikərinin şokundan hələ çıxa bilmədiyi üçün, susurdu…

Ferman Demirkol

Söyüşlərin Elçibəyə xitab olunduğunu anladığı an, Mehmet Özbayla daha ciddi danışmağa başlayır və Əbülfəz bəyin söyülə biləsi bir şəxsiyyət olmadığını ona anlatmaq istəyir.

Sözü çox uzatmayacağam. Sadəcə millətimiz, inanclarımız, tariximiz, Milli hərəkatımız və dövlətimiz üçün olduqca əhəmiyyətli olduğundan, qısa da olsa, incəliklə bilgi vərmək istəyirm.

Söyüşlərin Elçibəyə xitab olunduğunu anladığı an, Mehmet Özbayla daha ciddi danışmağa başlayır və Əbülfəz bəyin söyülə biləsi bir şəxsiyyət olmadığını ona anlatmaq istəyir.

Bu durum çox sürmür. Nədən? İndiyə qədər olayın üzdə görünən tərəflərini anlatdıq. İndi də keçək görünməyən cəhətlərinə. Yəni olay nə idi? Həqiqət nə idi?

Mehmet Özbay adı ilə Türkiyədən Naxıçıvana gələn, Elçibəylə görüşən və bütün bu olayları yaşayıb-yaradan şəxs, Türkiyədə hamının “Dərin Dövlətin adamı” kimi tanıdığı ABDULLAH ÇATLI imış!

Ferman Demirkol ve Piruz Dilençi, İstanbul

Ferman Demirkol ve Piruz Dilençi, İstanbul

Abdullah Çatlı gəlib, Elçibəylə danışır. “Dərin”lərin mesajını bəyə çatdırır. Deyir “Azərbaycanda kiçik bir çevrilişlə H.Əliyevi ortadan qaldırıb, səni yarımçıq qalmış prezidentliyinə qaytarmaq istəyirik! Hər şey hazırdır. İş bir gecə içində bitəcək. Heydər Əliyevi yıxıb, təkrar səni vəzifənə qaytararıq. Biz də sonuna qədər bütün gücüm üzlə arxanda olacağıq!”…

Elçibəy deyir qoyun bir az düşünüm, sonra sizə xəbər verəcəyəm.

Bayaqdan haqqında Mehmet Özbayı adı ilə danıdığımız ABDULLAH ÇATLI, Elçibəydən xəbər gözləmək üzrə Türkiyəyə qayıdır.

Bir neçə gün sonra, bir gecə gəlib “Süleyman Demirel səni görmək istəyir” deyə, Abdullah Çatlını aparırlar.

Görüşdə Süleyman Demirel əlindəki çəliyini qaldırb Abdullah Çatlının sol çiyininin üstünə basır və deyir “Azərbaycandakı planınızı unudun. Sən də get otur yerində“!

Abdullah Çatlının fikrincə Elçibəy və Heydər Əliyev işbirliyi içindəymişlər! Buna görə də Elçibəy Çatlı ilə görüşüb danışdığı hər şeyi olduğu kimi Heydər Əliyevə xəbər verib və ayıq olmasını istəyib! Heydər Əliyev isə Süleyman Demireli arayıb, bu mövzunu onunla danışıb! Yəni (Abdullah Çatlının fikrincə) Heydər Əliyev hakimiyyətinin yıxılmasının qarşısını məhz Əbülfəz Elçibəy aldırıb! Bunun üçün də Çatlı Elçibəydən incimiş, iyrənmiş və Kələkidən geri dönərkən yolda onu söyürmüş!!

Sadəcə bilginiz üçün,  həm Abdullah Çatlı, həm də onunla bərabər Kələkiyə gələn (Y) adlı Türkiyə Azərbaycanlısı MHP-li başqan, olaydan bir müddət sonra hər ikisi də fərqli zamanlar və fərqli məkanlarda avtomobil qəzasında “vəfat” etmişlər.

Türkiyəlilər, özəlliklə də Türkiyə Ülküçüləri (Milliyətçiləri) bunların avtomobil qəzası deyil, qəsdən təşikl olunmuş cinayətlər olduğuna inanırlar…

Baxın, bu da əslində Heydər Əlievin kim olduğunu, yəni nə qədər böyük bir siyasətçi olduğunu göstərən və olduqca əhəmiyyətli olan bir fakt idi.

Demək mənim “Fərq Atatürklə Atatürkün əskəri qədərdir” deməyə tam da haqqım var.

Türkiyə, bir Türk Dövləti olaraq Elçibəyə yardım etmədi. Etsəydi, bu gün hər şey fərqli ola bilərdi. İstər Azərbaycan üçün, istər Türkiyə üçün, istərsə də Türk dünyası üçün!…

Türkiyənin də Elçibəyə yardım etməməsi, Türkiyə Dövlətinin həm öz gələnəklərinə, həm də başda Amerika olmaqla müttəfiqi olduğu dövlətlərin yürütdükləri siyasətə uyğun bir hərəkət idi.

Son zamanlar Türkiyə Prezidenti Erdoğanın Türk-İslam dünyasına olan baxışını və bunlarla ilgili apardığı siyasəti və etdiyi işləri analiz edərkən, hətta belə bir qənaətə gəldim ki, əgər o illərdə Erdoğan və ya Erdoğan kimi bir şəxs Türkiyənin başında olsaydı, yüzdə yüz Azərbaycana kömək edərdi. Həm də lazım olduğundan da artıq! Belə bir şeyləri Erdoğanın ruhunda görürəm. Bu günün özündə də Azərbaycana lazım olursa, əminəm Erdoğan

Sinan Oğan

əlindən gələni edər. Çox vaxtlar öz-özümə düşünürəm ki, keşkə o illərdə Türkiyənin başında nə Özal, nə də Dəmirəl olmazdı. Keşkə onların yerində Erdoğan olsaydı…

O zamanlar Azərbaycanda müxtəlif adlar altında rəsmi və qeyri rəsmi fəaliyyət göstərən bir çox Türkiyə vətəndaşları var idi. Kimisi Türk dünyası və Turançılıq inamına görə, kimisi Türkiyə Dövlətinə xidmət etmək üçün, kimisi Türkiyə “dərin dövlətinin adamı” olaraq, kimisi şəxsi mənfəətləri və sairə məqsədlərlə…

Misal üçün, Azərbaycanda mərhum Rövşən Cavadovun başçılığı ilə “OMON üsyanı” və ya Çevriliş kimi dəyərləndirilən bir olay olmuşdu. Olaydan sonra həbs olanların içərisində Türkiyə vətəndaşları da var idi. Onlardan biri professor Ferman Demirkol: 1991-ci ildən bu günə qədər yaxından tanıdığım bir Türkçü alimdir. Ferman bəyi tanıdığım üçün, onun nə dərəcədə milli düşüncəli bir şəxs olduğunu da yaxşı bilirəm. Üstəlik Ferman bəy nə ordu adamı idi, nə də savaş! Bakıda bir ofisi də var idi. O ofisdə çox gənc bir oğlan işləyirdi. Ferman bəy zarafatla ona “Office Boy” deyirdi. (Yəni Ofis Elemanı, Ofis çalışanı). Düşünə bilirsiniz mi, Ferman bəyin “Office Boy” dediyi bu gənc oğlan kim idi? Daha doğrusu indi kimdir? Türkiyənin öndə olan milliyətçi siyasi xadimlərindən biri, Millət vəkili olmuş, Ferman bəyin özü kimi Türkiyə Azərbaycanlısı MHP başqanlarından biri: Sinan Oğan!

Rövşən Cavadov

Rövşən Cavadov

Baxın, bu adları çəkməklə, o çevrilişdə Türkiyənin müxtəlif dairələrinin də bir başa əli olduğunu demək istəyirəm. Ferman Demirkol Azərbaycanda həbs olundu. Sonunda isə Süleyman Dəmirəlin çox ciddi tələb və təziqləri nəticəsində şəxsən Heydər Əliyev onun həbsdən çıxarılıb, Türkiyəyə təhvil verilməsini təmin etdi.  Amma görün sonra nələr üzə çıxdı ki, olduqca qəzəbli bir çıxışla Heydər Əliyev “Keşkə Ferman Demirkolu təhvil verməzdim. Keşkə sonuna qədər həbsdə saxlayardım” deyirdi…

Çox təəssüf ki, Türkiyəmizdə hələ Osmanlı dönəmindən davam edən bir Şiə-Sünni zidiyyəti, son 40 ildən bu günə qədər davam edərək, daha da gərginləşən bir “Kürd” problemi var. Türkiyənin başında olan ən böyük bəla da məhz bunlardır. Bundan da fərqli dönəmlərdə fərqli dövlətlər istədikləri kimi Türkiyənin əleyhinə istifadə edib və etməkdədirlər.

Məzhəb olayına gəldikdə, bu iki tərəfli olaraq sui-istifadə edilməkdə olan dərin bir stratejinin doğduğu acı həqiqətdir:

1- Müsəlmanların arasında nifaq və düşmənçilik törətmək,

2- Türk soyunun birliyinin qarşısını almaq.

İslam dünyası bu gün bilərəkdən iki başlı bir dinə çevrilməkdədir: Ərəb öndərliyində Sünni dünyası və Fars liderliyində olan Şiə dünyası!

Bir Türk müsəlman olaraq, şəxsən mən nə Şiə, nə də Sünni tərəfdarı deyiləm. Mənim gözümdə bunların hər ikisi də müsəlmandır və inandıqları bir din var: İslam! Bundan ötəsi bizi cahillik quyularında saxlamaq istəyən kənar qüvvələrin uydurduğu hekayələrdir. Şiə və sünni ikisi də qardaşdır və sonuna qədər qardaş kimi davranmalıdır.

Ayıq olmasaq, məzhəbçiliyin milli zərərlərini də çox yaxın zamanlarda görəcəyik. İran dövləti Farsçılıq və şovinist siyasətini yürütmək üçün, Cənubi Azərbaycan Türklərinə “Biz Şiəyik, Türkiyəlilər isə Sünni. Siz onlarla bir ola bilməzsiniz” -deyir…

Elçibəy Kələkiyə getdikdən uzun zaman sonralar, duyduğuma görə Heydər Əliyev ona demişdi “Gəl Bakıda Vahid Azərbaycan mövzusu ilə bağlı bir təşkilat yarat“! (Bu barədə bir çoxlarının, o cümlədən Əjdər Tağızadənin bilgisi var). Əbülfəz bəy də bundan sonra Bakıya gəlmiş və Bütöv Azərbaycan Birliyi (BAB) adlı təşkilatı yaratmışdı. Bu Təşkilatın yaradılmasında mən şəxsən Əbülfəz bəyin təkrar dəvətləri və çağırışlarına rəğmən, iştirak etmədim. Bunun bir təşkilat kimi uğursuz olacağından əmin idim. Təbii ki, bir neçə dəfə tədbirlərində iştirak etmişdim.

Hətta ən önəmli tədbirlərinin birində Elçibəy, İsa QəmbərƏli Kərimli kimi müxalifət liderlərinin çıxış edəcəyi qədər (təşkilat üçün önəmli olan) toplantı da mən də iştirak və çıxış etmişdim.

Daha sonralar, çox israr etdiklərini nəzərə alaraq, o dövrdəki CAMAH birinci müavinim A.X-nin CAMAH tərəfindən BAB-da iştirak etməsini sağladıq. Orada (özəlliklə cənublular arasında) olduqca qeyri səmimi və qərəzli bir durum və ruh var idi.

Yarndığı zaman təşkilatın uğursuz olacağını haradan təxmin etdiyim də çox sadə idi. Ən başlıca, o zaman Əbülfəz Elçibəyin lideri olan AXCP-ni beyin nöqtəsi Əli Kərimov idi.

Əli bəy isə əvvəlindən bu təşkilatın yaradılmasına razı deyil idi (Bəlkə də haqlı olaraq). Başqa səbəblərdən biri də orada iştirak edən cənubluların bir çoxunun “noxtasını qırıb, sürüdən qaçan” kimi bir hallarının olduğu idi! Yəni şəxsən mən, Əjdər bəy, Çingiz bəy (Behruz) və Güntay bəy (Cavanşir) xaric, bunların heç birini tanımırdım. Mənim tanımamağım isə CAMAH kimi bir təşkilatın və daha doğrusu Cənubi Azərbaycandakı başlamaqda olan Hərəkatımızın tanımaması anlamındaydı.

Heydər Əliyevin Cənubi Azərbaycana olan marağını rəsmən sübut edən başqa bir fakt:

1996-cı il Azərbaycan Respublikasında Cənubi Azərbaycanın milli mücadiləsi ilə rəsmi olaraq məşqul ola bilən bir təşkilatın dövlət qeydiyyatına alınmasını şəxsən Namiq Abbasov və Heydər Əliyevdən tələb etdim. Qulaq ardına vursalar da, tələbimi o qədər davam etdirdim ki, sonunda istədiyim olmasa da, qismən razılıqlarını ala bildim.

Dedilər belə bir təşkilatı burada dövlət qeydiyyatına almaq, hüqüq normalarına və İranla aramızda olan anlaşmalara ziddir. Dedim tamam, belədirsə, üstünə siyasi deyil, başqa bir damğa vurub, altında da işimizi görərik! Uzun mübahisələrdən sonra, razılıqlarını aldım. Beləliklə də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzini yaratdıq.

Başında qoyacağımız adamın isə Xalq Şairimiz Söhrab Tahirdən başqasının ola bilməyəcəyinə inanırdım. Söhrab Tahir mənim sevdiyim ağsaqqalarımızdan biri idi. Onu dəvət etdim, gəldi. Oturub danışdıq və bu təşiklatın başında onu görmək istədiyimi bildirdim. Söhrab Tahirə “Əmi” deyirdik. Əmi çox sevindi. Amma qurultay olursa əgər, qurultayda ona səs veriləcəyindən necə əmin olduğumu soruşdu. Dedim Əmi, təşikat da bizik, qurultay da bizik, sonrası da biz olacağıq və biz nə desək elə də olacaq

Əmi çox həyəcanlanmışdı və sevinirdi…

Beləliklə o dönəmin şəraitinə görə, olduqca möhtəşəm və təntənəli bir Təsis Konfransı keçirdik. Mərasimə daha da mənəvi ağırlıq vermək məqsədi ilə, Nəbi Xəzri, Anar, Nəriman Həsənzadə, Eldar Mansurov və bunlar kimi bir çox Azərbaycan şəxsiyyətlərini də İdarə Heyətinə daxil etdik. Bu şəxsiyyətlərin bəziləri mənim şəxsi dostluq və nüfuzuma, bəziləri isə Söhrab əminin dostluq və nüfuzuna sayğı olaraq hətta qurultayda iştirak etdilər. Hər şeyin dövlətlə razılaşdığımız kimi olacağından əmin olmaq məqsədi ilə, MTN-in də məxfi bir məmur (F) qurultayda iştirak etməkdəydi. Cənubi Azərbaycanlılardan isə 1990-cı illər Şimali Azərbaycanın meydan hərəkatı qəhrəmanlarından Siyamək Rəhbəri, CAMAH müavinlərindən Aslan Xalidi, Eldar Qaradağlı, Böyükağa Rəsulvənd və başqaları iştirak edirdilər.

Əslində CAMAH-ın ekonomi baxımdan keçici olaraq çox ağır durumda olduğu aylarda, (səhv etmirəmsə, 1994 – ? əmin deyiləm) Siyamək Rəhbəri şəxsimə olan hörmət və münasibətinə dayanaraq, təşkilata daxil oldu. Bununla da gözlənilmədən, dəstək məqsədi ilə maddi yardım etməyə başladı və CAMAH-a yeni bir can vər ruh gəldi…

Nəticə: Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi yaradıldı və rəsmi olaraq dövlət qeydiyyatına alındı!

Bu da başda Heydər Əliyev olmaqla N.Abbasov və bir neçə MTN rəsmisinin milliyətçi düşüncələri nətcəsində bizə verilən bir hüquqi dəyər oldu.

Son yüz ildə Cənubi Azərbaycanın milli olayları Sovet İttifaqının dəsisələrinin qurbanı olmuşsa, Şimali Azərbaycanın milli olayları da hər zaman Türkiyə dövlətinin iç siyasi zidiyyətləri və məzhəbçilik oyunlarının qurbanı olmuşdur.
Cumhuriyyət dönəmində Türkiyə ara-sıra quru bəyanatlar və ya dolayı çıxışlarla Azərbaycann yanında olduğunu göstərsə də, bəyan etsə də, fakt olaraq, heç zaman Azərbaycanın yanında olduğunu göstərməmişdir. Sbəbləri də çoxdur:
– Türkiyə Rusiyanın qarşısında hər zaman ehtiyatla davranmış,
– Türkiyənin içində dinçilik və özəlliklə məzhəbçilik hər şeyin üstündədir,
– Türkiyənin əbədi və əzəli var olacaq iki partiyası var: CHP MHP.
CHP Azərbaycanla ilgili “Azərbaycan bizm qardaş dövlətimizdir. İç işləri bizi ilgiləndirməz” əsasında davranmış və davranmaqdadır ki, bu da kifayət edtməz!
MHP isə təpədə eyni ilə CHP kimi düşünməkdə, siyasətini bu istiqamətdə yürütməkdə, alt səviyyədə isə “Biz Ülküçüyük, Azərbaycanla biz  birik və birləşməliyik” şüarları altında duyğusal Türkiyə gənclərini ətrafına toplayır və gördüyünüz kimi də bu iki tərəfli siyasət heç bir yerə varmadığı kimi, heç zaman da bir yerə varmayacaq! Nə uğurlu bir daxili siyasətləri var, nə da Türk dünyasında gerçək varlıqları! Xarici beynəlxalq siyasət dünyası isə heç ümumiyyətlə bunları ciddiyətlə qarşılmaır və məncə bunda da tam haqlıdırlar.
Qaldı ki, çağdaş kürəsəl siyasətər, Türkiyənin bugünkü durumu və mənim “Erdoğan dönəmi” adlandırdığım bir yeni Türkiyə!
Erdoğan Türk milliyyətçisidir? Təbii ki, yox!
Ərdoğan İslamçı və Məzhəbçidir? Kəsinliklə bəli!
Ümmətçilik və Türkçülük bir yerdə ola bilər? Yox! Zira bunlar biri-birinə tam ziddirlər.
Erdoğanın Azərbaycana diplomatik qanunların üstündə gerçək yarıdmı və inanılmaz dəstəyi olacaq? Mütləq olacaq! Sadəcə 2023-cü ili gözıləməliyik. Əgər hər şey Erdoğanın planlaşdırdığı kimi getsə, Erdoğan 2023-ə istədiyi kimidaxil olsa, (ki məncə olacaq), Türkiyə bugünkü Türkiyədən çox fərqli bir mövqey sahibi olacaq. Güclü və qüdrətli kiçik bir Osmanlı imperiyas kimi bir şey düşünün! Regiyonun ağası, İslam dünyasının xəlifəsi, Türk dünyasının mərkəzi və bir sözlə İraq Türkmənistanından Suriyə Türkmənistanına qədər uzanan bir Türk və ya Türkmən dövləti! Daha ötəsi, daha sonrası, sıra “iran”a və Güney Azerbaycana da gələcək…
Bunların olması, hətta olacağının düşüncəsi, təbii ki dünya diplomasi standardlarına tam zidd bir şeylərdir. Amma unutmamalıyıq ki, tarixdə qanunları və normaları pozanlar da az olmamış! Bugün isə dünyaya meydan oxuyan bir Erdoğan yarı plan və yarı təsadüf nəticəsində Türkiyə kimi bir dövlətin başına keçmiş, bugünə qədər normal sayılmayan hər bir şeyə normallıq donu geyindirmiş, demək olar ki, hardasa bütün dünyaya dava açmış ve dediklərini də yürütməkdədir…
Erdoğan mövzusu tam başqa bir məsələdir. Sadəcə bizim buradaki mözvumuza uyğun olaraq, xatırlatmaq istədim ki, Türkiyə Azərbaycanın “sözdə deyil, əməldə” gərəkdiyi qədər yanında olmamış və olmayacaq da! Saədəcə Erdoğanın varlığı və 2023-cü ilə güclü daxil ola bilməsi, hər şeyi dəyişəcək. Bununla da Türkiyə Azərbaycanın yanında da olacaq, arxasında da! Hətta düşünüb xəyal etdiklərimizdən çox-çox artıq!…

 

Hazır yazı, zamanında nəşr olunacaq “Piruz Dilənçi” adlı kitabımın fərqli səhifələrindən götürülmüşdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *