November 30, 2015

Nizamnamə

Güney Azerbaycan BayrağıMƏQSƏD VƏ VƏZİFƏ:

1.1. CAMAH Cənubi Azərbaycan türklərinin fars şovinizminin əsarətindən xilas edərək, onların beynəlxalq qanunlarda təsbit edilmiş milli və şəxsi azadlıqlarının, vətəndaşlıq hüquqlarının gerçəkləşdirilməsi uğrunda dönmədən mübarizə aparan siyasi təşkilatdır.

1.2. CAMAH öz siyasi, təşkilati müstəqilliyini saxlamaqla, demokratik beynəlxalq təşkilatlarla və başqa milli azadlıq qüvvələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.

1.3. Məramnaməsində göstərilən məqsədləri öz nizamnaməsinə uyğun olaraq gerçəkləşdirmək CAMAH-ın müqəddəs vəzifəsi və borcudur.


CAMAH-a ÜZVLÜK:

2.1. CAMAH-ın məramnamə və nizamnaməsini qəbul edən, Cənubi Azərbaycan türklərinin milli azadlığı uğrunda dönmədən çalışan qanuni yaşa çatmış hər bir türk, dinindən və cinsindən asılı olmayaraq CAMAH-ın üzvü ola bilər.

2.2. CAMAH-a üzv olmaq üçün yerli komitəyə ərizə ilə müraciət edən şəxs, komitə üzvlərinin 50%-nin iştirak etdiyi müzakirədə 50%+1 miqdarda lehinə səs toplamaqla üzvlüyə qəbul edilmiş olur.

2.3. Nizamnaməni pozan və yaxud məramnaməyə zidd hərəkət edən, üzürsüz səbəbdən hərəkatın tədbirlərində iştirak etməkdən imtina edən şəxslər yerli komitənin qərarı ilə üzvlükdən xaric edilə bilər.

2.4. Hərəkatın hər bir üzvü istədiyi vaxt üzv olduğu komitəyə yazılı məlumat verməklə üzvlükdən azad ola bilər.

Üzvlərin şəxsi hüquqları pozulduqda, təşkilat tərəfindən müdafiə edilir.
 

CAMAH-ın TƏŞKİLATİ QURULUŞU:

3.1. CAMAH-ın rəhbər orqanları bunlardır:
Qurultay,
Mərkəzi Komitə,
Rəhbər.

3.2. CAMAH-ın ali idarə orqanı qurultaydır.
Qurultay hər 5 ildə bir dəfə çağırılır.
Komitə və rəhbərin səlahiyyətindən xaric məsələlər ortaya çıxdıqda komitənin, rəhbərin qərarı və ya CAMAH-ın üzvlərinin 1/3 hissəsinin imzası ilə növbədən kənar qurultay çağırıla bilər.
Qurultay CAMAH-ın Mərkəzi Komitəsinin idarə heyətini, rəhbəri və onun birinci müavinini seçir.
Qurultay hərəkatın məramnamə və nizamnaməsində dəyişikliklər aparır.
Qurultay qərarları nümayəndələrin 2/3-si iştirak etdiyi səsvermədə lehinə 50%+1 miqdarda səs topladıqda qəbul edilmiş hesab olunur.

3.3. Komitələr ərazilər üzrə əhalisi çox olan şəhərlərdə yaradılır.
Şəhər komitələrinin rəhbərləri seçilmiş komitə üzvləri arasından mərkəzi komitə rəhbərinin qərarı ilə təyin edilir.
İranda istibdad rejimi ləğv olunana qədər Təbriz, Ərdəbil, Urmiyyə, Kərəc, Qəzvin, Miyandab, Binab, Sarab, Parsabad, Zəncan və s. şəhər komitə rəhbərinin komitə üzvü seçilib-seçilməməsindən asılı olmayaraq, mərkəzi komitənin rəhbəri tərəfindən təyin edilir.
Şəhər komitələri rəhbərləri mərkəzi komitənin rəhbərinə təbedir.
Komitənin qərarları komitə üzvlərinin 2/3-si iştirak etdiyi səsvermədə 50%+1 miqdarda səs topladıqda qəbul edilmiş hesab olunur.
Şəhər komitələrinin qərarı komitə rəhbərinin təsdiqindən sonra icra edilə bilər.
Komitələr mərkəzi komitənin müəyyən etdiyi tədbirləri qeyd-şərtsiz yerinə yetirməlidir.

3.4. Mərkəzi Komitənin rəhbəri (MKR) qurultaylar arası müddətdə qurultayın qərarlarının və ümumilikdə məramnamənin nizamnaməyə uyğun olaraq gerçəkləşdirilməsinə rəhbərlik edir. MKR şəhər komitələrinin qərarlarını təsdiq və ləğv edə bilər.
MKR CAMAH-ı təmsil edir, xarici dövlətlərlə, beynəlxalq və digər təşkilatlarla sazişlər bağlayır, bəyanatlar verir.
MKR nizamnamə və məramnamədən irəli gələn başqa səlahiyyətləri həyata keçirir.

 

CAMAH-ın HÜQUQİ ƏSASLARI:

Fars şovinizminin totalitar rejimi İranda çoxluq təşkil edən türkləri azlıqların hüququndan belə məhrum edərək, nəinki beynəlxalq qanun və sazişlərdə, hətta İranın öz anayasasında nəzərdə tutulan simvolik hüquqlarını da vəhşicəsinə tapdalayır. İnsan hüquqlarının ümumi bəyannaməsi-nin 18, 19, 20, 21, 22, 26, 27 və 29-cu bəndləri, BMT-nin nizamnaməsinin 73-cü maddəsinin (A) bəndi, 55-ci maddəsi, İnsan hüquqlarının ümumi bəyannaməsi-nin Azadlıq hüququ bölməsinin (B) bəndi, Ədalət hüququ bölməsinin (V) bəndi, İran İslam Respublikası anayasasının 3-cü maddəsinin 9-cu bəndi və 15-ci maddəsinin vəhşicəsinə pozulması, Millətlərin öz müqəddəratinı təyin etmək hüququ azadlıq uğrunda müqddəs mübarizəsində CAMAH-ın hüquqi əsaslarıdır.


CAMAH-ın ƏMLAKI və ÜZVLÜK HAQQI:

5.1. İran dövlətinin totalitar rejimi şəraitində gizli fəaliyyət göstərməyə məcbur olduğuna görə, CAMAH-ın əmlak və maddi təminat mənbələri haqqında məlumat məxfi saxlanılır.

5.2. Üzvlük haqqının miqdarı, yığılması və məsrəf edilməsinin konkret qaydaları mərkəzi komitənin xüsusi sərəncamına uyğun olaraq, şəhər komitələri tərəfindən müəyyən edilir.


QEYD:
CAMAH-ın rəhbəri dövlət vəzifəsinə seçildikdə təşkilatda tutduğu vəzifədən istefa verməlidir.
Cənubi Azərbaycan türkləri istiqlal əldə etdikdən sonra, CAMAH-ın nizamnaməsinə yenidən baxılıb, daha da demokratikləşdiriləcək.